22 – 24 oktyabr 2024-cü il tarixlərində DİM-in Test bankı şöbəsinin müdiri Rəhman Mehralıyev və Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsinin müdiri Tural Dünyamalıyev “Moodle” şirkəti tərəfindən Meksikanın Merida şəhərində təşkil edilən “MoodleMoot Global 2024” konfransında iştirak ediblər.
Əsas məqsədi onlayn təhsil və e-öyrənmə texnologiyalarında ən son yenilikləri və təcrübələri bölüşmək olan konfrans müxtəlif ölkələrdən olan “Moodle” istifadəçiləri arasında fikir mübadiləsi və yeni əməkdaşlıq imkanları yaradır. “Moodle” təhsil sahəsində onlayn mühit yaradaraq, birgə öyrənmə üçün yeni proqramlar, onlayn kurslar və təlim fəaliyyətinə imkan verən dünya miqyaslı açıq təlim platformasıdır.
Konfransın ilk günü DİM-in əməkdaşları “Azərbaycan Respublikasında dövlət qulluğuna və təhsil müəssisələrinə qəbul üçün “Moodle” proqramından istifadə” adlı təqdimatla çıxış ediblər (https://moodlemoot.org/2024/timetable/event/243/). Təqdimatda Mərkəzin keçirdiyi kompüter əsaslı imtahanlarda “Moodle”un imtahan imkanlarından intensiv istifadə olunduğundan bəhs edilib. Həmçinin Mərkəzin fəaliyyəti, texniki imkanları, imtahan təhlükəsizliyinin təmin edilməsi üçün müxtəlif növ proqram təminatlarının hazırlanması və “Moodle”a inteqrasiya olunmuş müxtəlif proqram məhsulları haqqında məlumat verilib.
“MoodleMoot 2024” tədbiri barəsində daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz: https://moodlemoot.org/2024/